Azərbaycan polisi
Azərbaycan polisi — Daxili İşlər Nazirliyinin strukturuna daxil olan Azərbaycan Respublikası hüquq mühafizə orqanı.
Azərbaycan Respublikasının "Polis haqqında" Qanununa əsasən, polis Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır.
"Polis haqqında" Qanunun 8-ci maddəsinə əsasən, qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur, 9-cu maddəyə əsasən isə, polis xidmətlərinin yaradılması, yenidən qurulması və ləğvi, polisin fəaliyyətinə rəhbərlik, polis orqanlarında vəzifəyə təyin və vəzifədən azad etmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
Azərbaycan Respublikasının polis orqanlarının xarici ölkələrin polis orqanları və beynəlxalq polis təşkilatları ilə əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, xarici ölkələrin polis orqanları ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanın bağladığı müqavilələr, habelə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq polis təşkilatlarının nizamnamələri və əsasnamələri ilə tənzimlənir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan polisi haqqında demişdir:
== Tarixi ==
=== Polis orqanlarının yaradılması ===
Çar Nikolay I Fərmanı ilə 10 aprel 1840-cı il tarixində Rusiya İmperiyasının Daxili İşlər Nazirliyinin tabeliyində ictimai asayişin qorunması və cinayətkarlıqla mübarizə məqsədləri ilə Bakıda Polis Şöbəsi yaradılıb.
1867-ci ildə Bakı Quberniyasının Jandarma Polis İdarəsi yaradılıb və sonradan bu qurum Bakı Polis İdarəsinə çevrilib.
Eyni zamanda, Azərbaycan ərazisində yaradılmış mahallarda mahal polisi idarələri, şəhərlərin daxilində isə ərazi polis məntəqələri fəaliyyət göstərməyə başçlayıb.
1882-ci ildən başlayaraq Bakı qəzasının ərazisində Bakı, Maştağa, Saray, Balaxanı-Sabunçu, Keşlə və Bibiheybət polis məntəqələri, onların tabeliyində məhəlli və şəhər polis nəzarətçiləri (müvəkkilləri) fəaliyyət göstərib.
1897-ci ildə Bakı-Sabunçu polismeysterliyi yaradılıb, 28 oktyabr 1906-cı il tarixində isə Bakı Polis İdarəsi yenidəntəşkil üsulu ilə Bakı Polismeyster İdarəsinə çevrilib. Bu zaman poçt, axtarış və istintaq üzrə ixtisaslaşmış polis qurumları fəaliyyət göstəriblər.